Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları (kitab)
Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları — Filologiya elmləri doktoru, professor Əjdər Tağıoğlu tərəfindən yazılmış, Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr edilmiş elmi əsər
ISBN 978-9952-8099-2-3
== Kitab barədə ==
Əjdər İsmayılovun (Əjdər Tağıoğlunun) "Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları" adlı əsəri Azərbaycan elmində böyük hadisədir. Erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək "Böyük Armeniya" uydurması ilə əlaqədar qaldırdıqları iddialar bu monumental əsərdə alt-üst edilir. Beləki problemlə əlaqədar zəngin tarixi faktlar əsasında geniş araşdırma aparan müəllif ilk növbədə rusdilli nəşrlərdə coğrafi ərazi adı olan "Armeniya" sözünün mənşəindən danışır. O, toponimin mənşəyini Fəratın yuxarı axarında yerləşmiş m.ö. III minillikdə zəngin mədəniyyətli bir ölkə olmuş qədim Şuprianın ikinci adı olan "Arme" ilə əlaqələndirir.
Müəllif erməni saxtakarlığını açmaq və oxucunu "Böyük Armeniya" mifi ehkamından xilas etmək üçün "Arme" ölkə adının "Armeniya" formasında yazılışınadək ayrı-ayrı tarixi mənbələrdə qeydə alınmış şəklinə tarix və tarixilik kontekstində izahlar verərək aşağıdakı şəkildə izləyir: Arme\Armeini (Biaini yazılarında), Armina\Harminuia\Ura-aş-tu-ru (Boqıstan qaya mətnlərində), Armini (Ksenefontda), Arminia\Armenia (sonrakı dövrlərdə Yunan və Bizans mınbələrində), Ərməniyyə\Ərminiyyə (ərəbdilli mənbələrdə), Armenia (Roman-German dillərində), Armeniya(rusdilli nəşrlərdə).
Bəs erməni tarix ədəbiyyatında "Böyük Armeniya"nın banisi kimi verilmiş guya milliyyətçə "erməni" olmuş "Artaşes" adlandırdıqları çar əslində kimdir? O, III Antioxun Suriya çarlığının sərhədlərini qonşu torpaqları hesabına genişləndirdiyi illərdə onun tərkibinə daxil edilmiş Arme (Şupria) vilayətinə tə`yin etdiyi canişindir. Artaksi etnik mənsubiyyətinə görə Azərbaycan türklərinin soykökündə iştirak etmiş ilk yerli türk tayfalarından olan Mar əhalisindəndir. O, səltənət varisi olaraq Atarpatın çar nəslindəndir.